Oda
Oda — lirik şeir və musiqi janrı. Bir şəxsin, yaxud mühüm, təntənəli hadisənin şərəfinə yaradılan şeir, mahnı.
Qədim Yunanıstanda və Romada yaranmış (Pindar, Horatsi, Ovidi), klassizm dövründə Qərbi Avropada geniş yayılmışdı. M.B.Lomonosov, Q.R.Derjavin, A.N.Radişşev, K.F.Rıleyev, A.S.Puşkin və başqa rus şairləri vətəndaşlıq ruhlu odalar yazmışlar.
XIX–XX əsrlər poeziyasında oda janr kimi tədricən aradan çıxmış, sovet şeirində ara-sıra işlənmişdir (V.Mayakovski və başqaları).
Yaxın və Orta Şərq, eləcə də Azərbaycan ədəbiyyatındakı qəsidə odaya yaxındır.
XVII əsrdən Qərbi Avropa ölkələrində saray şənlikləri, hər hansı təntənəli hadisənin, yaxud əyanın şərəfinə yazılmış vokal-instrumental əsər də oda adlanmışdır. İngiltərədə (H.Pörsell, G.Hendel), Almaniyada (İ.Bax, L.Bethoven) kantataya yaxın odalar yaranmışdır. Sonralar müxtəlif heyətlər, o cümlədən xalis instrumental heyət üçün odalar yazılmışdır (F.List, J.Bize, İ.Stravinski, S.Prokofyev və başqaları).
Azərbaycan bəstəkarlarından Cahangir Cahangirov, R.Mustafayev, Emin Sabitoğlu və başqalrının odaları var.